Azərbaycanın yenilməz Bayrağı

Azərbaycanın yenilməz Bayrağı

Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur olması birmənalı olaraq AzərbaycanOrdusunun tarixi qələbəsidir. Bu, həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulmasıdır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Bununla belə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev onların ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq amalını gerçəkləşdirdi.

44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və s. digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər də olsun, fərarilik faktı qeydə alınmadı.


Əliyullah Məmmədov

PİRŞAĞI CÜMƏ MƏSCİDİNİN AXUNDU