Ermənistan Azərbaycana etdiyi vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və s. digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər də olsun, fərarilik faktı qeydə alınmadı.
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədəAzərbaycanın diplomatik və təbliğati üstünlüyünü təmin etdi, düşmənə informasiya sferasında ciddi zərbələr vuruldu. Azərbaycan cəmi 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq edərək, Ermənistana öz şərtlərini diktə etmək istəyirdi və buna tam nail oldu. Biz bu qələbəni döyüş meydanında qazandıq! 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad edildi.
İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı müddəa yoxdur. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması deməkdir. Bununla belə, Azərbaycan sivil, çoxetnoslu, multikultural ölkə kimi Dağlıq Qarabağ ermənilərinin bir neçə rayonda təhlükəsiz şəraitdə yaşamalarına zəmanət verir.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi sənəddə təsbit edilib. Bununla faktiki olaraq həm də türk dünyası arasında nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.