"COP29 tədbiri zamanı hər hansı fövqəladə hal baş verdiyi halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər nəzərdə tutulub".
Dovlet.Tv xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda komandanlığın hərbi qulluqçusu, mayor Nicat Cahidzadə deyib.
O bildirib ki, tədbirə gələn qonaqlar COP29 Əməliyyat Şirkətinin nümayəndələri tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə sərhəd-nəzarət kabinələrinə yönləndiriləcəklər:
"Sərhəd Nəzarətinin hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş çərçivədə qısa zamanda sənədləri yoxlayaraq, rəsmiləşdirməni COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün 30 saniyə müddətində bitirərək, dövlət sərhədindən buraxılmalarını təmin edəcəklər".
Hərbi qulluqçu qeyd edib ki, hazırda da gücləndirilmiş iş rejimində fəaliyyətləri davam edir:
"Bütün istiqamətlərdə COP29 tədbirinin qonaqlarının qarşılanması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. COP29 tədbirinin yüksək səviyyədə təşkili zamanı bizim əsas öhdəliklərimiz - tədbirdən öncə və sonra əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, dövlət sərhədində, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil olunması, digər dövlət qurumları ilə qarşılıqlı olaraq müvafiq məlumatların operativ şəkildə əlaqələndirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədində, qanunvericilik çərçivəsində, gecikmələrə yol verilmədən keçidinin təmin olunması üçün xüsusi elektrik vasitələrinin işləkliyinə nəzarət edilməsidir".
N.Cahidzadə vurğulayıb ki, sıxlığın qarşısını almaq üçün ilk növbədə şəxsi heyətin sayı artırılıb və onlar müasir xüsusi texniki vasitələrlə təmin olunublar.