Əhsən,

Əhsən, "Qarabağ" deməyə bundan böyük səbəb?

"Qarabağ" Fransadan məğlubiyyətlə qayıtdı. Komandamız 90 dəqiqə əzmkar mübarizə, yaxşı futbol göstərməsinə və daha çox qol şansları yaratmasına baxmayaraq sonda "Marsel"ə məğlub oldu - 1:3

Buraxılan qollarda futbolçularımızın ciddi səhvləri gözdən qaçmadı. Xüsusi ilə Luka Quqeşaşvilinin səhvləri haqqlı olaraq daha çox müzakirə olunur. Gürcüstanlı qapıçı bir epizodda komandasına fayda verirdisə, 2 epizodda səhvlərlə yadda qalırdı. 1-ci və 3-cü qolları onun səhvlərindən sonra qapımızda gördük. Bir neçə səhvindən sonra isə bəxtimiz gətirdi. Amma Lukaya görəmi uduzduq? Təbii ki, yox.

Səhvlərdən danışası olsaq, tək Lukamı səhv etdi? Təbii ki, yox. Elə götürək müdafiənin önəmli simalarından saydığımız Kevin Medinanı. O, buraxılan son iki qolda Lukadan daha çox günahkar idi. Elə birinci qolda da Arkaduş Milikin boş qalması onun günahı idi. Bundan başqa ilk hissədə kolumbiyalının bir neçə başqa kobuda səhvləri də oldu, sadəcə bəxtimiz gətirdi.

Medina kimi biri bu qədər səhv etdisə, deməli, problem adlarda deyildi.

Marko Veşoviç birinci yarının ən bərbad simasıydı. Zubir o Zubir deyildi. Vadji şansları boşa verməklə məşğul idi.

Çox şey saymaq olar, çox səhvlər dilə gətirmək olar. Amma Azərbaycan Premyer Liqasından bu mərhələyə kimi gedən komandaya çox irad bildirmək də insafdan deyil.

Rəqibin heyətində 26 milyon dəyəri olan oyunçu var. "Qarabağ"ın heç büdcəsi bu deyil. Təbii ki, bu da səviyyədə özünü göstərməliyidi və göstərdi də.

Əsas odur bütün səhvlərə, aradakı bu qədər səviyyə fərqinə və məğlubiyyətə rəğmən "Qarabağ" layiqli mübarizə apardı.

Qonaq meydanda, 25 min tamaşaçı önündə çəkinmədən sona kimi döyüşdü. Çoxlarının proqnozlaşdırdığı kimi qapazaltı olmadı. Bunu matçdan sonra rəqib futbolçular və baş məşqçi də səmimi etiraf etdilər. Əhsən, "Qarabağ" deməyə bundan böyük səbəb?

XANOĞLAN İMANOV (sportinfo.az)