Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilib

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilib

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.


AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.


Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.


Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib və bunun çox yüksək qiymətləndirildiyini deyib.


Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mimi qəsrinin xatirə kitabını imzalayıb.