Kiyev küçələrində gərgin döyüşlər davam edir

Kiyev küçələrində gərgin döyüşlər davam edir

Kiyev küçələrində döyüşlər gedir, sakinlər təhlükəsiz yerlərdə qalmalıdırlar.

Bu barədə Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının rəsmi “Telegram” kanalı məlumat yayıb.

“Hazırda şəhərimizin küçələrində döyüşlər gedir. Xahiş edirik, sakit olun və mümkün qədər diqqətli olun!”, - deyə məlumatda qeyd edilir.

Həmçinin, kiyevlilərə sığınacaqda qalmaq, evdə olanlara isə pəncərələrə yaxınlaşmamaq, eyvana çıxmamaq, qapalı otaqda, məsələn, hamamda gizlənmək tövsiyə olunub.

Şəhərdə hava hücumu sirenləri işə düşərsə, insanlar dərhal ən yaxın sığınacaqlara getməyə çağırılıb.

Paytaxtdakı vəziyyətlə bağlı xalq deputatı Maryana Bezuqlaya da məlumat verib.

“Ukrayna Silahlı Qüvvələri diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir”, - deyə o, “Facebook”da yazıb.

Bu gecə Rusiya hərbçiləri Kiyevdə “Beresteyskaya” metro stansiyası yaxınlığındakı hərbi hissəyə hücum ediblər. Onların hücumu Ukrayna Silahlı Qüvvələri tərəfindən dəf edilib.

Xatırladaq ki, dünəndən etibarən hərbçilər paytaxtın müdafiəsinə başlayıblar.