Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VİDEO

Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Prezident İlham Əliyev Forumda iştirak edib.

Forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.

Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.

“Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm”, - A.Həşimova qeyd edib.

“Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm ümumiyyətlə gələcək haqqında öz sözlərimi dedim.

Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir.

Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik. Onsuz da biz bunu bilirdik və mən artıq bunu demişəm. Sirr deyil, uzun illər artıq mən görürdüm ki, danışıqlar yolu ilə, mənasız, boş-boş danışıqlar yolu ilə bu məsələ həll olunmayacaq. Danışıqlardan nə üçün çıxmırdıq, onu da deməliyəm. Çünki biz əgər danışıqlardan çıxsaydıq, başlayacaqdılar bizi ittiham etməyə. Onsuz da bu məsələ ilə məşğul olanlar fürsət axtarırdılar ki, bütün o yükü yıxsınlar bizim üzərimizə. Onsuz da 1993-cü ildə qəbul edilmiş 4 qətnaməni elə bil ki, kənara qoymaq istəyi olmuşdur. Halbuki, orada açıq-aydın göstərilir ki, erməni qüvvələri dərhal və qeyd şərtsiz bizim torpaqlarımızdan çıxmalıdır. Ona nəinki əməl edilmədi, eyni zamanda, biz onu unutdurmaq istəyi ilə də üz-üzə gəldik. Ona görə mən çoxdan bilirdim ki, müharibə qaçılmazdır. Ordumuzun gücləndirilməsi və bütün digər tədbirlər bu məqsədi güdürdü. Ancaq Polad Həşimovun qəhrəmancasına və onunla bərabər digər qəhrəmanlarımızın həlak olması bir daha bütün xalqı da, eyni zamanda, sarsıtdı və hərəkətə gətirdi. Çünki müharibəni aparmaq üçün bütün amillər olmalıdır, bütün amillər - güc, iradə, cəsarət, vətənpərvərlik və xalqın, necə deyərlər, birliyi və xalqın hazır olması. Baxın, bizdə müharibə dövründə bir nəfər də fərari olmamışdır. Amma Birinci Qarabağ müharibəsində olmuşdu. Nə üçün? Çünki o vaxt inam yox idi. O vaxt müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı. Təsəvvür edirsənmi? Burada torpaqlar əldən gedir, bunlar isə bax, burada, Bakıda oturan iqtidar Gəncəni bombalayırdı və Azərbaycan əsgərlərini əsir götürmüşdü. Belə iqtidarla müharibəni udmaqmı olardı? Əlbəttə ki, yox. İnam yox idi və orada torpaqlar əldən gedirdi, burada isə bu yaxın yerlərdə, bu Milli Məclisin qabağında mitinqlər təşkil edirdilər, biri-birini ittiham edirdilər, boş-boş sözlər deyirdilər, vədlər verirdilər. Hamısı da boş idi. Ona görə xalq da hazır olmalı idi. Polad Həşimov öz şəhadəti ilə, deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin olardı.

Mən bu yaxınlarda Gəncədə ermənilər tərəfindən dağıdılmış evlərin önündə demişdim ki, hətta o dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli getməliyik. Yadımdadır, mən müharibə zamanı bir çox müsahibələr vermişdim. Bir sual bu günə qədər yadımdadır. Bir jurnalist demişdi ki, ya Bərdədə, ya Tərtərdə dəfn mərasimində olub. Bu müsahibədən sonra söhbət əsnasında dedi ki, təəccüb etdim, gördüm ki, Sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur. Mən gözləyirdim ki, orada Sizi ittiham edəcəklər, deyəcəklər, nə üçün İlham Əliyev bu müharibəni başlayıb ki, biz yaxınlarımızı itirmişik. Dedi ki, mən bir çox yerlərdə, döyüş yerlərində olmuşam, belə ruh yüksəkliyi görməmişəm. Hamı deyirdi ki, Prezidentin arxasındayıq, hamı deyirdi ki, ancaq dayanmasın. Bilirsən, bax, budur, xalq. Xalq buna hazır olmalı idi və hazır oldu. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə, sənin üçün, sənin yaxınların üçün. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq”, - Prezident deyib.