Putinlə Ərdoğan arasında telefon danışığı olub

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən xəbər verilib.

Məlumata görə, görüş zamanı regional məsələlər, xüsusilə Türkiyə-Rusiya münasibətlərindəki inkişaf və “Taxıl dəhlizi” müzakirə edilib.

Bildirilir ki, R.T.Ərdoğan rusiyalı həmkarına taxıl ixracı ilə bağlı İstanbul sazişinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib.

O, Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını deyərək diplomatik danışıqların yenidən canlandırılmasının lazım olduğunu bildirib.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə təbii qaz qovşağı yaratmaq təklifindən məmnunluğunu da ifadə edib və komandaların ən qısa zamanda ortaq hədəflərə çatmaq üçün lazımi texniki, hüquqi və ticari qiymətləndirmələri edəcəklərini qeyd edib.

Yekunda R.T.Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdiyi üçün V.Putinə təşəkkür edib.

Mənbə: Haber Global