“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Dovlet.Tv xəbər verir ki, “köhlən atlar” Çexiyada “Viktoriya”nın (Plzen) qonağı olub.
Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçdan öncə meydan sahiblərinin baş məşqçisi Mixal Bilek müdafiə futbolu sərgiləyəcəklərini bildirsə də, Plzen klubu oyuna hücumlarla başlayıb.
İlk dəqiqələrdən Azərbaycan çempionunu meydanın ona aid hissəsinə sıxışdıran “Viktoriya” erkən qolla vəziyyəti özm xeyrinə dəyişməyə çalışıb.
2-ci dəqiqədə Lukaş Kalvaxın vurduğu top qapıdan aralı keçib. “Qarabağ”ın qapı istiqamətində ilk zərbəsi 16-cı dəqiqəyə təsadüf edib.
Abdullah Zubirin zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Kadi Borgesin ötürməsində sonra Filip Ozobiçin Yindrjix Staneklə üzbəüz qalmasına Ludek Pernitsa mane olub.
19-cu dəqiqədə referi onun qərarına etiraz edən Luka Quqeşaşviliyə sarı vərəqə göstərib. 30-cu dəqiqədə İbrahima Vadji sürəti hesabına rəqibin cərimə meydançasına daxil olub ötürmə etmək istəsə də, Libor Holik onun qarşısını kəsib.
34-cü dəqiqədə Marko Veşoviçin sağ cinahdan qapı qarşısına göndərdiyi topa komanda yoldaşlarından heç kim toxuna bilməyib.
38-ci dəqiqədə isə Ozobiç baxımlı qolla hesabı açıb. Kadi Borgesin standart vəziyyətdən ötürməsini müdafiəçilər uzaqlaşdırmaq istəyərkən top Azərbaycan millisinin yarımmüdafiəçisinin qarşısına düşüb.
Xorvatiyal dəqiq zərbə ilə komandasını önə çıxarıb. Qoldan sonra təzyiqi artıran “Qarabağ” 42-ci dəqiqədə fərqi artırmağa yaxın olub.
Amma Toral bayramovun sol cinahdan ötürməsini nə Vadji, nə də Ozobiç tamamlaya bilib. Hücumun davamında Riçard Almeydanın cərimə meydançasının kənarından endirdiyi qüvvətli zərbə az fərqlə tirin üstündən keçib.
İkinci hissəyə də fəal başlayan Ağdam klubu 48-ci dəqiqədə Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin onun zərbəsindən sonra top müdafiəçilərə dəyərək, qapı xəttini tərk edib.
50-ci dəqiqədə Kadi Borges uzaq məsafədən çərçivəni nişan alsa da, fərqin böyüməsinə Stanek imkan verməyib. 53-cü dəqiqədə Almeyda zədələnərək meydanı tərk edib.
Onu Marko Yankoviç əvəzləyib. 58-ci dəqiqədə hesab bərabərləşib. Şahruddin Məhəmmədəliyevin çıxışda səhvə yol verməsindən sonra Yan Kopits topu qapıdan keçirib.
Ətraflı
65-ci dəqiqədə Ozobiç asmasını Bəhlul Musatafazadə başla qapıya göndərsə də, zərbəsində dəqiqlik çatmayıb. 73-cü dəqiqədə isə “Viktoriya” hesabda önə keçib.
Yan Kliment 2-ci topu Azərbaycan təmsilçisinin qapısından keçirib. 75-ci dəqiqədə Kalvaxın zərbəsini Məhəmmədəliyev çətinliklə dəf edib.
83-cü dəqiqədə Kadi Borges sol cinahda 2 rəqibini keçib yerlə ötürmə versə də, top ikinci hissədə meydana daxil olan Ramil Şeydayevə çatmayıb.
85-ci dəqiqədə Şeydayevin vurduğu top qapıdan azca aralı keçib. 90-cı dəqiədə Kvabena Ovusunun zərbəsi təhlükəli alınsa da, hədəfdən yayınıb.
Beləliklə, Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
23 avqust
"Viktoriya" (Çexiya) - “Qarabağ” (Azərbaycan) 2-1
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena
Qol: Kopiç, 58, Yan Kliment,73 - Filip Oozbiç, 38
"Viktoriya: 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa (K), 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 44. Libor Holik, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu Ndiay
Baş məşqçi: Mihal Bilek
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 19. Filip Ozobiç, 7. Riçard Almeyda
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov