Qələbə bizdədir!!

Qələbə bizdədir!!

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Azərbaycan informasiya müharibəsi sahəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olunur, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Erməni kiber hücümlarının da qarşısı layiqincə alınırdı.
Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı. Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Münaqişədə Türkiyənin iştirakı, F-35-lərdən istifadə, Suriya və Liviyadan muzdluların cəlb olunması, atəşkəsin pozulması və bir çox digər qıcıqlandırıcı suallar dönə-dönə təkrarlanırdı. Dövlətimizin başçısı hər dəfə bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxarır, Qarabağın tarixindən, münaqişənin səbəblərindən danışır, fürsətdən istifadə edərək, dünyaya əsl həqiqətləri çatdırırdı. Almaniyanın ARD telekanalının müsahibəsindəki bir suala və Prezidentin cavabına diqqət edək. Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? Cavab: Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud ReynVestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Cavab qısa və lakonikdir. Amma elə dərin məna kəsb edir, elə təsirlidir ki, inanmıram, bir də hansısa qərbli müxbir bizim Prezidentə buna bənzər sual ünvanlasın. 
Ötən 17 ilə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Bütün nitq və çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində bu barədə danışıb. Çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu hər kəs bilsin. İndi dünyada hamı bunu bilir. Vətən müharibəsinin uğurunu şərtləndirən əsas amillərin biri də məhz budur. Döyüş meydanındakı qələbəyə gəlincə, müharibənin sonunda yaşanan tam fərqli iki mənzərəni təsvir etmək yetər: Cəbhənin bir tərəfində qalib Ordunun məğrur dayanmış Müzəffər Ali Baş Komandanı İlham Əliyev, digər tərəfində ordusu dağılmış, rəzil duruma düşmüş Paşinyan. Xalqımız öz lideri İlham Əliyevin portretini başı üzərinə qaldırır. Paşinyan isə lağa qoyulur, ona lətifələr qoşulur. “Cəbrayıla yol çəkirdin, Paşinyan. Nə oldu? Hanı o yol? Bəs Şuşada parlament binası tikirdin, nə oldu? Cəhənnəmə getdi”, – Prezidentimizin bu sözləri insanlar arasında zərb-məsələ çevrilib. Biri dediyinə əməl etməyəndə onu məsxərəyə qoyub soruşurlar: “Nə oldu bəs, Paşinyan?”...
Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi", həmçinin "Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından" fikirləri yerləşdirilib. Erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib. 27 sentyabr günorta saatlarında başlayan hücumlarla ümumilikdə 90 erməni saytı sındırılıb. Bu saytlar arasında Ermənistanın ən məşhur xəbər və video portalları da yer alıb. 27 sentyabr axşam saatlarında başlayan hücumlarla birlikdə isə Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Bu sənədlər arasında Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinə, Ermənistan Prezidentinə, Ermənistanın Xarici İşlər Nazirliyinə aid xeyli məlumatlar var. 
Həmçinin, mümkün erməni təxribatının qarşısını almaq məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, vətəndaşlara sosial mediada, telefon mesaj bölməsində və ya e-poçt adreslərinə daxil olan heç bir linkə daxil olmamağı, heç bir faylı yükləməməyə çağırmışdır. 29 sentyabr tarixində Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ keçirilmişdir. Karabakh Hacking Team qrupundan olan bir neçə haker Ermənistan hökumətinin elektron sənəd dövriyyəsi sistemini sındırıb. Nəticədə 50 TB həcmində sənədlər əldə edilib. 
Azərbaycan siyasi rəhbərliyinin güclü iradəsi
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev, öz çıxışında, "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir." - ifadələrini dilə gətirmişdir. 
Almaniya Kansleri Angela Merkel və İlham Əliyev arasında baş tutan telefon zəngində, dövlət başçısı qeyd edib ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. 
Sentyabrın 29-da Rossiya 1 telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan Prezidenti İlham Əliyev aparıcıların suallarını cavablandırıb. O öz açıqlamalarında, Türkiyə polemikasına dair: "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır." - deyə cavab verib. Aparıcının Suriya Milli Ordusunun Qarabağda döyüşməsinə dair verdiyi suala isə: "Bu, növbəti feyk-nyusdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur və bunu erməni təbliğatı ortaya atıb." - deyə bildirib və reportaj başa çatıb. 
Sentyabrın 30-da İlham Əliyev və Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə demişdir: “Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq." - deyə İlham Əliyev bildirib. 
İlham Əliyev 4 oktyabr xalqa müraciəti zamanı Qarabağdakı qanunsuz məskunlaşma barədə danışıb: "Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara. Məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu? Minsk qrupu bir açıqlama verdimi? Vermədi! Avropa İttifaqı verdimi? Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!" deyə, Prezident əlavə edib. 
Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir ki, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə   köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.”
Ermənistanın rəhbərliyinin çarəsizliyi
27 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hakimiyyətini geniş miqyaslı bir təxribatda ittiham etmişdir. O bildirdi ki, "Azərbaycan rəhbərliyinin son dövrlərdəki təcavüzkar bəyanatları, Türkiyə ilə geniş miqyaslı birgə hərbi təlimlər, habelə ATƏT-in monitorinq təkliflərini rədd etməsi" bu müharibəyə əvvəldən hazırlaşdığının göstəricisidir. 28 sentyabr tarixində Ermənistan Respublikası Xarici İşlər Nazirliyi müharibə haqqında rəsmən açıqlama vermişdir. 
Həmçinin, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqyanyan Ermənistanın yeni silah təchizatı üçün Rusiyaya müraciət edəcəyini bildirib. 30 sentyabrda Baş nazir Nikol Paşinyan Ermənistanın rəsmi olaraq Dağlıq Qarabağı müstəqil bir ərazi olaraq tanınmasını düşündüyünü bildirdi. Həmin gün Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyə Hərbi Hava Qüvvələrinin Dağlıq Qarabağ ərazisində cəbhə boyu təxribat xarakterli uçuşlar həyata keçirdiyini bildirmişdir. 
1 oktyabr tarixində Arayik Harutyunyan ermənilərin uzunmüddətli müharibəyə hazırlaşmalarının lazım olduğunu bildirdi. 3 oktyabr tarixində Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti "bölgədə sülh və təhlükəsizliyin bərpası" üçün Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırdı. 
1 oktyabr tarixində İsrailin Azərbaycana silah satışını iddia edən Ermənistan İsraildəki səfirini geri çağırmışdır. 8 oktyabr tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Ermənistan prezidentinin əmri ilə işdən azad olunmuşdur. Elə həmin gün, Ermənistan Daxili İşlər Nazirliyi Novaya qazeta müxbiri İlya Azarın Dağlıq Qarabağa akkreditasiyasız daxil olaraq Şuşa və Laçında reportaj apardığını bildirərək jurnalın akkreditasiyasını ləğv etmişdir. 
İkinci Qarabağ müharibəsi və beynəlxalq reaksiyalar
Türkiyə - Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır", - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb. 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər. onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər. Nazir səfirlikdəki çıxışında deyib: "Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.”
Türkiyənin Müdafiə naziri Hulusi Akar ölkəsinin Azərbaycanın tərəfində olduğunu bildirib və Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulayıb. 
Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.
Böyük Britaniya - İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməmişdir.
ABŞ - ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb. 
ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: "Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib". O qeyd edib ki, ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır. 
Rusiya - Rusiya prezidenti Vladimir Putin çıxışlarında dəfələrlə vurğulayıb ki, “Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır".Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. 44 günlük müharibə dövründə Rusiyadan Ermənistana daşınan  silah-sursat və hərbi texnikanın sayının artırılması ilə bağlı məlumatlar yayılmışdır. Məlumatlara görə, silah-sursat və hərbi texnika Gürcüstan tərəfindən hərbi yüklərin onun ərazisindən daşınmasına qoyulan qadağa ilə əlaqədar olaraq Qazaxıstan - Türkmənistan – İran hava yolu marşurutu üzrə daşınmışdır. Rusiya tərəfi dəfələrlə rəsmi olaraq daşınan yüklərin silah-sursat və hərbi texnika deyil, Ermənistandakı Rusiya hərbi bazasının ehtiyacları üçün tikinti materialı olduğunu bildirmişdir. 
İtaliya - İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib. 
Fransa - Fransa İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada "Fransa qarşıdurmadan son dərəcə narahatdır" ifadəsini işlətmişdir. 
Fransa Azərbaycan - Ermənistan arasında baş verən münaqişədə işğalçı Ermənistanı dəstəkləmişdir. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı bəyanatı, bu münaqişəli məsələnin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir və bu missiyanı şübhə altına alır. Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsi haqlı olaraq Azərbaycanın etirazına səbəb olmuşdur.
Gürcüstan - Prezident Salome Zurabişvili tərəfləri barışığa çağırmış, bölgədə sülh və əminamanlığın qorunmasını dəstəklədiyini bildirmişdir.  Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində "Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcəyi" fikrini ifadə etmişdir. Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub.
Serbiya - 44 günlük müharibədən əvvəl və müharibə dövründə Serbiyanın Ermənistana silah satması haqqında təkzibolunmaz məlumatlar əldə olunmuşdur. Bu isə  Azərbaycanın narazılığına səbəb olub və bu ölkəyə etiraz bildirilib.
Yunanıstan - 44 günlük müharibə dövründə dolayısıilə Ermənistanı dəstəkləmişdir. 
Almaniya - Almaniya Xarici İşlər naziri Hayko Maas Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməli deyib və münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırmışdır. Həmçinin kənd və qəsəbələrin atəşə tutulmasından da olduqca narahat olduğunu bildirmişdir. 
İran - İran Xarici İşlər nazirinin sözçüsü Səid Xətibzadə, İranın hərbi toqquşmaları diqqətlə izlədiyini, Tehranın Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.  Müharibə gedişində İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması haqqında yayılan məlumatları İran rəsmiləri təkzib etmişdir. İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. İranın müxtəlif şəhərlərində Azərbayacanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. İran sərhədindən Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi.  
Pakistan - Pakistan Xarici İşlər Nazirliyi: Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur. Qardaş Pakistan 44 günlük müharibə dövründə Azərbaycanın yanında olduğunu açıq nümayiş etdirdi.
Qazaxıstan - Qazaxıstan Xarici İşlər Nazirliyi: Vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağıraraq, münaqişənin beynəlxalq təşkilatlar platformasında sülh yolu ilə həll olunmasına köməyini təklif etdiyini bildirib. 
Əfqanıstan - Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yayıb. "Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. Əfqanıstan, Dağlıq Qarabağdakı işğala son qoyulmasını tələb edir ", - deyə XİN-in bəyanatında vurğulanıb. 
Bosniya və Herseqovina - Bosniya və Herseqovinanın Rəyasət Heyətinin boşnak üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç, Azərbaycana dəstək verdiklərini, Ermənistanı qınadıqlarını və vəziyyəti 1992–1995-ci illər arasında Bosniya müharibəsi ilə müqayisə etdiklərini söylədi.  
İsrail - Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman yerli "Vesti" nəşrinə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb: "Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir", - deyə bildirib. 
Macarıstan - Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin verdiyi bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir
Beynəlxalq təşkilatların münasibəti 
Avropa İttifaqı - Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb. Həmçinin, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanmışdır. Ümumiyyətlə, Avropa qurumları münaqişəyə münasibətdə ikili standartlar nümayiş etdirmiş, Azərbaycanın beynəlxalq hüquqda təsbit olunan ərazi bütövlüyünü bərpa etmək hüququnu real olaraq dəstəkləməmişdir.
BMT - Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş "hər iki tərəf dərhal döyüşləri dayandırmalı, gərginliyi azaltmalı və təxirə salınmadan mənalı danışıqlara qayıtmalıdır" sözləri ilə çıxış edib. Təşkilat 29 sentyabrda vəziyyətlə bağlı qapalı formada təcili müzakirə aparacağını açıqlayıb. 
ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlara qayıtmağa çağırdı. 
Türk Şurası - Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirdi. Türk Şurası, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumağa çağırdı və  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi.
İkinci Qarabağ müharibəsi və Azərbaycan diasporu 
Oktyabrın 6-da Türkiyənin İstanbul və Konya şəhərlərində Azərbaycan dövlətinə dəstək məqsədilə mitinq keçirilib. Oktyabrın 6-da Kanadanın Kalqari şəhərində Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçirib.  
Oktyabrın 8-də "Eskişehirspor" stadionunda baş tutan aksiyada Eskişehir Azərbaycanlıları Dərnəyi, Humanitar Yardım Fondu (İHH) və digər qeyri-hökümət təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər.
Oktyabrın 11-də Gürcüstanın Marneuli rayonunda müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə izdihamlı mitinq keçirilib.
Oktyabrın 13-də İtaliyanın Milan şəhərində Ermənistanın işğalçı siyasətinə etiraz və müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib. 
İsrailin Petax-Tıkva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib. 
Oktyabrın 17-də Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox azərbaycanlının iştirakı ilə aksiya təşkil edilib.
Oktyabrın 18-də Azərbaycanın Müstəqillik günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağı havaya qaldırılıb. Oktyabrın 18-də Kanadanın Toronto şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib. 
Oktyabrın 21-də Polşanın Vrotslav şəhərinin azərbaycanlı icmasının təşəbbüsü ilə Vrotslav şəhərinin bələdiyyə binasının qarşısında icazəli etiraz aksiyası keçirilib.

İsrafil Hüseynov .

Buzovna bələdiyyəsinin nümunəvi əməkdaşı.