İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Əslində qurban ayini İslamdan çox-çox əvvəllər, müxtəlif ölkələrdə müxtəlif cür icra olunurdu. Məsələn, qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti hərbi əsirlər olmuşdur. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə qayğılar doğururdular. Buna görə də onların qurban verilməsi ən əlverişli və müqəddəs əməliyyat sayılırdı.
Cəmiyyətin ictimai-iqtisadi inkişafının müəyyən pilləsində, insan əməyinin məhsuldarlığı artıb izafi məhsul yaratmağa başladıqda, yəni cəmiyyət siniflərə bölündüyü zaman hərbi əsirləri qurban verib öldürmək əvəzinə, onları qula çevirib işlətməyə başladılar. Bu dövrdən etibarən allahlara verilən qurbanlar əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və quşları qurban vermək adət halını aldı.
Atəşpərəstlər isə insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkələrdə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar.
İslam dini ərəb tayfalarının həmişə icra etdikləri qurban vermək adətinə müqəddəslik mahiyyəti verərək onu Qurban bayramı adlandırıb müsəlmanlığın əsas tələblərindən birinə çevirdi. Onun bu adətə etdiyi yeganə əlavə ondan ibarət olmuşdur ki, bu mərasimi istənilən vaxt keçirməyin əvəzinə hər il hicri tarixi üzrə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirmişdir.
İslam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.
Qurban bayramı haqqında Qurani-Kərimdə deyilir ki, “Allah Beytülhəram olan Kəbəni haram ayı (zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi”. Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır.
Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu andan etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın şərəfinə kəsib, Ona öz itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur.