Türkiyədə zəlzələ qurbanlarının sayı artır: SON RƏQƏMLƏR
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı yeni məlumata görə, zəlzələ qurbanlarının sayı artaraq 20 665 nəfərə çatıb.
Qeyd olunub ki, xilas edilənlərin sayı 80 088 olub.
Zəlzələdən zərər çəkən 91 511 şəxs isə başqa bölgələrə təxliyə olunub.
Bir neçə bölgədə axtarışlar artıq dayandırılıb, digərlərində isə xilasetmə işləri davam edir. Zəlzələnin baş vermə anından hətta 116 saat keçdikdən sonra insanların həyatının xilas edilməsi ümidləri artırır.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.