Xankəndidə gərginlik: Vardanyan Balasanyana qarşı

Xankəndidə gərginlik: Vardanyan Balasanyana qarşı

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyanla separatçıların “təhlükəsizlik şurası”nın “katib”i, Xocalı qatili Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.

Bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb. Əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları ilə danışıqlara Vitali Balasanyan cəlb edilirdisə, indi onu arxa plana atıblar. Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə, iştirak etməyib.

Ermənistan mətbuatında bildirilir ki, Vardanyan belə bir tələb qoyub: ya mən, ya da Balasanyan. Balasanyanın tezliklə “vəzifəsi” ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb. Həmin şəxs Qarabağ separatçılarının “müdafiə qüvvələri”nin keçmiş “komandan”ı Levon Mnatsakanyandır.

Qeyd edək ki, Vardanyanın sifarişinə uyğun olaraq Qarabağda separatçıların hazırkı başçısı Arayik Arutyunyanın da “vurulmaq” üçün növbəti hədəf seçildiyi bildirilir. Vəziyyət hətta o dərəcəyə çatıb ki, Xankəndini “su yolu” edən Arayikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb.