Xarkovu bombalayan pilot: “Mən gördüm ki, hədəf yaşayış binalarıdır”

Xarkovu bombalayan pilot: “Mən gördüm ki, hədəf yaşayış binalarıdır”

Əsir götürülən rusiyalı pilot, polkovnik-leytenant, Rusiya Federasiyasının 47-ci bombardmançı aviasiya alayının komandir müavini Maksim Kriştop bildirib ki, Ukraynaya zərbə endirmək üçün döyüş əmri fevralın 23-də, Rusiyanın hücumundan bir gün əvvəl verilib.

O, bu barədə “İnterfaks-Ukrayna” agentliyinin yayımladığı brifinqdə məlumat verib.

Kriştopun sözlərinə görə, o, ilk döyüş uçuşunu 24 fevral 2022-ci ildə yüksək partlayıcı aviasiya bombaları ilə Balakleyanı vuraraq həyata keçirib. İkinci döyüş uçuşu martın 3-də baş tutub. Hədəf isə Xarkov vilayətinin İzyum kəndi yaxınlığındakı zirehli texnika kolonnası olub.

“Mən 2022-ci il martın 6-da üçüncü döyüş uçuşunu həyata keçirdim. Döyüş tapşırığını yerinə yetirərkən anladım ki, məqsəd hərbi obyektlər deyil, binalar, mülki şəxslər və yaşayış məntəqələridir. Amma cinayət əmrini yerinə yetirdim. Mən törətdiyim dəhşətli cinayətləri etiraf edirəm. Bütün Ukrayna xalqından onlara gətirdiyimiz bədbəxtliyə görə bağışlanma diləmək istəyirəm. İstərdim ki, bu müharibə mümkün qədər tez bitsin. Ukrayna xalqının soyqırımında günahkar olan hər kəs cavabdehdir”, - deyə o, bildirib.