Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə konstruksiya dəyişikliyi edərək, görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Məlumatlara görə, 30-a yaxın sürücü saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.