Azərbaycan xalqının tarix yazan Lideri-Vahid Xıdırov-Məqalə
Möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu çoxşaxəli reformalar qısa müddət ərzində idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, ölkədə vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin, əlverişli şərait formalaşdırdı. Həyata keçirilən köklü və əhatəli islahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın yaranması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların milli həmrəyliyin gücləndirilməsinə təkan verdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasi kurs Azərbaycanın iqtisadi gücünün, hərbi qüdrətinin artırılmasına və nəticə olaraq torpaqlarımızın işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Əlbəttə ki, dövlət başçımızın uzaqgörən siyasətinin əsas məqsədi ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olaraq Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Müstəqil Azərbaycan dövləti ümummilli liderimizin qoyub getdiyi möhkəm təməl üzərində inkişaf edir. Onun siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Çox hörmətli Cənab Prezident!
İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik. Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandan!
Vahid Xıdırov
Yelvax şəhər Məhkəmə tibbi Ekspertiza və Patoloji Anatomiyanın rəisi