Azərbaycanlı tələbələrin olduqları binada sağ insan yoxdur
“Azərbaycanlı tələbələrin olduğu binada sağ insan qalmayıb”.
Bunu Baku TV-nin Malatyada olan əməkdaşına açıqlamasında xilasedicilərdən biri söyləyib.
O qeyd edib ki, bünövrəyə qədər olan ərazini görürlər. Fevralın 12-də oradan bir neçə pişiyi sağ çıxarıblar. Ancaq bundan sonra Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) nümayəndələri binada sağ insan olmadığını açıqlayıblar. Xilasedicilər dağıntılar altında qalan nəşlərin çıxarılması ilə məşğuldurlar.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.
Dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 31 643 nəfərə çatıb.