Dünyanın ən böyük təyyarəsi sələfinin rekordlarını qıracaq
Ukraynada yeni AN-225 “Mriya” təyyarəsi hazırlanacaq.
Artıq “Antonov” aviasiya bölməsinin təyyarə konstruktorları onun üzərində işləməyə başlayıblar.
Məlumata görə, dünyanın ən böyük təyyarəsi sələfinin bazasında yaradılacaq, lakin bu model köhnə “Mriya”nın bütün rekordlarını üstələyəcək.
“Antonov” Dövlət Müəssisəsinin baş konstruktoru Vladislav Vlasik təyyarədə artıq hansı işlərin görüldüyü barədə danışıb.
Onun sözlərinə görə, hazırda ustalar məhv edilmiş təyyarənin gövdəsini sökürlər. Həmçinin, mütəxəssislər yeni təyyarədə istifadə etmək üçün salamat qalan hissələri və konstruktiv elementləri axtarırlar.
Yeni AN-225 köhnə “Mriya”nın yarımçıq qalmış əkiz modeli əsasında yaradılacaq. Xarici olaraq, bu təyyarə məhv edilmiş sələfindən fərqlənməyəcək. Amma konstruktorlar bildiriblər ki, bu, ən müasir avadanlıqla təchiz edilmiş tamamilə yeni təyyarə olacaq.
“Yeni “Mriya” əvvəlkindən daha güclü, ən azı 10 ton yüngül olacaq. Bu isə o deməkdir ki, təyyarə daha çox yük götürəcək və daha uzun müddət ərzində və daha da uzaq məsafəyə uçacaq. İndi dizayn mərhələsi gedir, ilkin hazırlıq işləri aparılır. Yenilənmiş təyyarənin texniki görünüşü artıq formalaşıb. Biz başa düşürük ki, AN-225 təyyarəsi modernləşdirilməlidir, yəni onu olduğu vəziyyətə qaytarmaq məqsədəuyğun deyil və yersizdir”, - deyə Vlasik bildirib.
AN-225-in yenidən qurulması çox baha başa gələcək, lakin beynəlxalq donorlar dünyanın ən böyük təyyarəsinin bərpası üçün vəsait ayırmağa hazırdırlar.
Xatırladaq ki, “Mriya” Ukraynadakı müharibə zamanı məhv edilib.