Əliyevin Qırğızıstana gözlənilən səfəri, TDT-nin “Rusiya, Qərb, yoxsa Çin” çağırışı ilə üzləşməsi - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər edəcək. Dövlət başçısının budəfəki trafiki Avropa ilə Asiya arasındakı diplomatik fəallıq kontekstini simvolizə edir.
Bundan əvvəl Əliyev Praqada “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirak etmişdi ki, bu, Bakının Qərblə münasibətlər çərçivəsinin genişlənəcəyini göstərir.
Əliyevin bu dəfə Türk Dövlətləri Təşkilatı ailəsinin üzvü olan Qırğızıstana getməsi Mərkəzi Asiyada uğrundakı hibrid müharibənin artması və regiona yeni təhdidlərin sıçraya bilməsi fonunda diqqət çəkir.
Əliyevin məqsədi budur ki, gələcək əməkdaşlıq və inteqrasiyanı araşdırmaq üçün yeni formullar müzakirəyə çıxarılsın və əldə edilən razılıqlar TDT-nin inkişafına töhfələr versin.
TDT ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Rusiya və Çinin yaranan boşluğu doldurmaq üçün yarışa girdiyi, Qərbin isə Mərkəzi Asiyaya diqqətinin artdığı bir zamanda güc qüvvələri arasında tarazlaşdırıcı əhəmiyyət qazanır.
Amma hər şey hamar getmir, belə ki, TDT-nin iqtisadi, hərbi-siyasi potensiallar zənciri bu təşkilata olan meyilləri artırsa da, yedəyində risklər də gətirir. Böyük güclərin məramı bundan ibarətdir ki, TDT onlardan birinin tərəfində yer alaraq yeni formalaşan dünya nizamında töhfəverici mənbələrdən birinə çevrilsin.
TDT-nin aşkar və gizli fəaliyyət dairəsinin sərhədləri Türkiyə və Azərbaycanın siyasəti ilə ərsəyə gəlir və Qazaxıstan da həlledici həlqə kimi bu zəncirə əlavə olunub. Özbəkistan və Qırğızıstan isə bir qədər passivdir, Türkmənistana gəlincə, o, neytrallıq prinsipi ilə müşahidəçilik statusuna üstünlük verməkdə davam edir.
TDT-nin beynəlxalq münasibətlər sistemində bərkiməsi üçün onun ideoloji əsasları da həlledicidir, ən uyğun ideya isə türkçülük və onun yüksəlişini təmin etməkdir.
Ancaq yuxarıda qeyd etdiyimiz səbəb, yəni qlobal oyunçuların TDT-ni öz tərəflərinə cəlb etmək cəhdləri fonunda sual yaranır: türkçülük Avrasiya mərkəzli, yoxsa Avroatlantik mərkəzli anlayışlarla inkişaf edəcək?
Suala cavabı iqtisadi-siyasi parametrlərlə tapmaq olar. Türk dövlətlərinin Asiyadan Avropaya gedən ticarət marşrutunun mərkəzində dayanması istər Rusiyanı, istər ABŞ-ı, istər Britaniyanı, istərsə də Çini türkçülük ideologiyasına qarşı duruş sərgiləməmək mövqeyinə gətirir. Yəni qütbləşmədəki tərəflər TDT-nin ideoloji bazası səbəbilə dərin narahatlıqlar içərisində deyillər, TDT-nin siyasi istiqamətləri bütün oyunçuların maraqlarının mərkəzində dayanan məsələlərlə əlaqələndiriləcək.
Ancaq TDT daxilində yer alan Qırğızıstanla Özbəkistanın bir-birinə olan soyuq münasibəti, əlavə olaraq Qırğızıstanın TDT üzvü olmayan Tacikistanla ərazi münaqişəsi əngəllər seriyalarını uzadır.
Türkiyə isə Mərkəzi Asiyaya tuşlanan baxışların neytrallaşdırılıb TDT məqsədləri ilə uzlaşdırılması üçün mühüm oyunçuluq missiyasını Azərbaycanın artan əhəmiyyəti ilə birlikdə icra edir.
İlham Əliyev həm ikitərəfli münasibətləri, həm də TDT daxilindəki inkişaf meyllərində Bişkekin üzərinə düşəcək vəzifələri müzakirə edə bilər.
Qırğızıstanın Tacikistanla yaşadığı münaqişə və Özbəkistanla nahamar münasibətləri TDT-nin aparıcı üzvü kimi Türkiyə və Azərbaycanı narahat etməyə bilməz və mümkündür ki, Bakı-Ankara harmoniyası Bişkek üçün şifahi də olsa sülh modeli təqdim edir.
İlham Əliyevin gözlənilən səfərinə dair NƏTİCƏLƏR:
1. Əliyev TDT-nin təşkilati, iqtisadi-siyasi, hərbi-siyasi əməkdaşlığının dərinləşdirilməsinə yönəlik addımlar atır və bu addımları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla uzlaşdıracaq.
2. TDT-nin risklərdən sığortalanan təhlükəsiz alternativ olması üçün Azərbaycanla Türkiyə xüsusi fəallıq göstərir, Qazaxıstan həmin təşəbbüsdə xüsusi rola yiyələnir. Özbəkistan da yeni zəncirdə praktiki təşəbbüskara çevriləcək. Əliyevin Qırğızıstana səfəri həmin formulların konturlarının mövcud və perspektiv dünya nizamı kontekstində cızılmasının göstəricisidir.
3. TDT bitərəf platforma rolunda inkişaf edəcək “Həm Rusiya, həm Qərb, həm də Çin” devizini öz fəaliyyətinin mərkəzində tutacaq.