Qarabağda aparılan və erməni separatizminə son qoyulan lokal xarakterli antiterror tədbirlərinin başlamasından bir il ötür.
Dovlet.TV xatırladır ki, sözügedən antiterror tədbirlərinin keçirildiyi gün erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olub və yaralanıblar. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etdi. 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıb.
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah ediliblər. Separatçıların əsas rəhbərləri həbs edilib. Düşmənin qüdrətli Ordumuzun qarşısında 23 saat 50 dəqiqə dayanmağa gücü çatıb.