Məhkəmə Vətən müharibəsi iştirakçısının şəhid statusunu bərpa etdi

Məhkəmə Vətən müharibəsi iştirakçısının şəhid statusunu bərpa etdi

Gəncə İnzibati Məhkəməsində Röyal Qabil oğlu Verdiyevin şəhid statusunun bərpası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddiaya baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əziz Qənbərli məlumat verib.

O bildirib ki, hakim Fikrət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

Vəkil deyib ki, R.Verdiyev 2020-ci il 27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan 44 günlük Vətən müharibəsində iştirak edib:

“O, Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Röyal Verdiyev döyüş bölgəsində əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən həlak olub. İnzibati orqanın Röyalın cinayət nəticəsində həlak olması barədə məktubundan sonra onun ailəsinə verilən müavinətlər dayandırılıb. Şəhid ailəsi məsələ ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmə onların iddia tələbini rədd edib. Daha sonra biz apellyasiya şikayəti verdik. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov şikayəti qismən təmin etdi və yenidən baxılması üçün işi Gəncə İnzibati Məhkəməsinə qaytardı. Məhkəmə işə yenidən baxaraq iddianı təmin etdi. İnzibati orqanın məktubunun qanunsuz olması barədə qərar qəbul edildi”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, R.Verdiyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.