Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 78-ci ili tamam olur.
Dovlet.Tv xatırladır ki, erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən A.Bağırov həm də Qarabağ müqavimətinin simvolu idi.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.
Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi ona Allahverdi, yəni “Allahın payı” adını verir. Bu, həm də onun ana babasının adı idi.
O, orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.
O, həm də Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.
1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradıb. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılıb və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq bu posta keşik çəkməyə gedib. Daha sonra bu cür özünümüdafiə postları ermənilər yaşayan ərazilərlə qonşu digər kəndlərdə də yaradılıb.
1991-ci il oktyabrın 1-də Azərbaycan Ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılın. Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olublar. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora “Vətən oğulları” adı verilin. Eldar Bağırov həmçinin Azərbaycan Ali Sovetinin üzvü seçilin.
Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilin. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayın.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Allahverdi Bağırovun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub.
Cəmi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.
1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib.
Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasanyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və meyitləri Ağdama gətirib.
Bağırovun bu fəaliyyəti “Fəryad” filmində obrazlı şəkildə işıqlandırılıb.
Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutur. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan Ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb.
Bu əməliyyatdan iki gün sonra iyunun 12-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Allahverdi Bağırov, sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.
A.Bağırovun Bakıda Şəhidlər xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunub. Allahverdi Bağırov ölümündən sonra 24 fevral 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Qızıl ulduz” medalı ilə təltif olunub.
Qeyd edək ki, Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun qızları 27 ildən sonra onun məzarını ziyarət ediblər.