Qalib ordunun,Qalib Lideri- Ələkbər Qarayev- Məqalə

Qalib ordunun,Qalib Lideri- Ələkbər Qarayev- Məqalə

Bu gün regionda diktə edən tərəf Qalib Azərbaycandır və dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Ölkəmizdə 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə ilk növbədə ölkəmizi nicata aparan Heydər Əliyev siyasi kursuna səs verdi. Bu seçimi ilə Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi və ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. 2003-cü il oktyabr ayının 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi. Ulu öndər demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli liderimizin bu müdrik kəlamları 17 il sonra, - 2020-ci ilin sentyabr-noyabr aylarında öz tarixi təsdiqini tapdı. Azərbaycan xalqı öz Prezidentinin ətrafında birləşərək30 il davam edən işğala son qoydu, ölkənin ərazi bütövlüyünü təmin etdi. Bununla da xalqımızın və dövlətimizin qarşısında duran taleyüklü məsələ həll olundu. 2003-cü ilin 15 oktyabrından etibarən Azərbaycanda bütün sahələrdə dayanıqlı inkişafa nail olunması üçün məqsədyönlü addımlar atılmağa başlandı. Ölkə Prezidenti İlham Əliyevin ilk gündən həyata keçirdiyi siyasətin əsasında duran milli maraqların qorunması prinsipi dövlətin müstəqilliyinin və ideoloji dayaqlarının daha da möhkəmləndirilməsini, vətəndaş həmrəyliyinin bərqərar olmasını təmin etdi. Ötən illər ərzində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda misilsiz nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı olaraq gördüyü tədbirlər tezliklə öz nəticəsini verməyə başladı. Nəhəng infrastruktur layihələr həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Qısa zaman ərzində ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olundu və onların icrasına başlandı. Nəticə olaraq bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ümumilikdə bu illər ərzində Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. İqtisadiyyatın sürətli inkişafı, ölkə Prezidentinin təşəbbüsü ilə vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə qəbul olunmuş qanun layihələri, dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən irimiqyaslı sosial layihələr xalqın yaşayış səviyyəsinin yüksəlişini təmin etdi. 1994-cü ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri nəticəsində imzalanmış "Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyasının ölkəmizə enerji sahəsində qazandırdığı uğurların davamı olaraq Azərbaycan 2014-cü ildə TANAP və 2016-cı ildə TAP qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da, ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə, qısa müddətdən sonra isə artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rola sahib olduğunu bir daha təsdiqlədi. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, 2020-ci ilin son günündə Cənub Qaz Dəhlizi layihəsinin istifadəyə verilməsi Azərbaycanın strateji valyuta ehtiyatlarının, maliyyə imkanlarının, regional və beynəlxalq enerji təhlükəsizliyində rolunun artmasını, həmçinin iqtisadi və siyasi əlaqələrinin genişlənməsini şərtləndirdi. Bu gün isə Avropanı bürümüş enerji böhranı şəraitində Azərbaycanın qitə ölkələrinin enerji təhlükəsizliyində rolu xüsusilə sürətlə artmaqdadır. Bu proseslər bir daha cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin təkcə bu günün reallıqlarına deyil, həmçinin illər sonra baş verə biləcək qlobal dəyişikliklərin mənfi təsirlərinin neytrallaşdırılmasına sərrast hesablandığını sübut edir. Artıq Azərbaycan uğurla həyata keçirilən çoxşaxəli enerji siyasəti sayəsində regional və qlobal əhəmiyyətli aktora çevrilib. Ölkəmiz enerji üzrə əməkdaşlıq əlaqələrində regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək beynəlxalq əlaqələrini də məhz bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi baxımından getdikcə daha böyük önəm kəsb edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu çoxşaxəli reformalar qısa müddət ərzində idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, ölkədə vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin, əlverişli şərait formalaşdırdı. Həyata keçirilən köklü və əhatəli islahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın yaranması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların milli həmrəyliyin gücləndirilməsinə təkan verdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasi kurs Azərbaycanın iqtisadi gücünün, hərbi qüdrətinin artırılmasına və nəticə olaraq torpaqlarımızın işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Əlbəttə ki, dövlət başçımızın uzaqgörən siyasətinin əsas məqsədi ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olaraq Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Müstəqil Azərbaycan dövləti ümummilli liderimizin qoyub getdiyi möhkəm təməl üzərində inkişaf edir. Onun siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çox hörmətli Cənab Prezident! İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik. Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandan! Ələkbər Qarayev "Malibo Resdince" İcraçı direktoru