"İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib... Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyi dəyərli zəhmət bütün türk dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir".
Rəcəb Tayyib Ərdoğan,
Türkiyə Prezidenti.
Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan Cənubi Qafqazdakı hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir.
Bütün bu uğurlar son 30 ildə əldə edilib. Əgər Ulu Öndər Heydər Əliyev xilaskar lider kimi ölkəmizi məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, cənab İlham Əliyev dünyaşöhrətli liderin müəyyənləşdirdiyi yüksəliş konsepsiyasını uğurla icra edərək tarixinin ən qüdrətli Azərbaycanını yaratdı. 2003-cü ildə Ulu Öndərin xalqa müraciətindən sonra cənab İlham Əliyevə verilən etimad mandatı Azərbaycanın tarixində ən böyük zəfərlərin qazanılmasını şərtləndirdi.
31 oktyabr 2003-cü il tarixdə əlini "Qurani-Kərim"ə basaraq and içən cənab İlham Əliyevin 20 ildə gerçəkləşdirmədiyi vədi qalmadı. Əlbəttə ki, yeni əsrin yeni liderinin qazandığı uğurlar təkcə gerçəkləşdirilən vədlərdən ibarət deyildir. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçdi. Bu uğurlara nəzər salsaq, görərik ki, Azərbaycanın 20 ildə əldə etdiyi nailiyyətləri bəzi dövlətlər 100 illik tarixlərində qazanmayıblar.
zərbaycanı dünyanın qüdrətli dövlətlərindən birinə çevirən Prezident İlham Əliyev 2003-cü ildə xalqına verdiyi ən son vədi - işğal altında olan torpaqları düşmən tapdağından azad edərək adını tariximizə həm də Müzəffər Sərkərdə kimi yazdırdı. Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyev başa çatdırdı və Azərbaycanın tam suverenliyini təmin edən zəfərlərlə dünyaya gücünü, qüdrətini göstərdi.
Əlbəttə ki, xalqımızın ən böyük problemi keçmiş Dağlıq Qarabağ münaqişəsi idi. Bu problemin sülh yolu ilə həlli məsələsi Prezidentİlham Əliyevin yürütdüyü siyasətin prioriteti idi. Bütün beynəlxalq konfranslarda Azərbaycan həqiqətlərini dünyaya bəyan edən qətiyyətli Prezidentimiz Ermənistanın işğalçı dövlət kimi tanınmasına müvəffəq oldu. Bununla bağlı qətnamələr, qərarlar qəbul edildi. Amma həmin sənədlər uzun illər kağız üzərində qaldı, icrası təmin edilmədi. İşğalçı Ermənistan isə bu cəzasızlıq mühitindən lazımınca yararlanır və hətta elə zənn edirdi ki, Azərbaycan mövcud vəziyyətlə həmişəlik barışıb. Lakin zaman yetişdi və möhtərəm Prezidentimiz bütün sözlərinə sadiq lider kimi 2003-cü ildə xalqa verdiyi vədini də gerçəkləşdirdi. 2020-ci ildə düşmənin işğalçılıq siyasətinə son qoyan Zəfər yürüşümüz dünyaya səs saldı.
Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca "nəyi nə zaman və necə" etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidentinin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın Dövlət Bayrağının asılacağı günü yaxınlaşdırdı.
2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat ərzində keçmiş qondarma rejimin silahlı dəstələrinin antiterror tədbirləri ilə zərərsizləşdirilməsi, Qarabağdakı cinayətkar rejimin özünü buraxması, oktyabrın 15-də isə Xankəndidə, Xocavənd şəhərində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr - Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. 2023-cü ilin sentyabrında əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü missiyanı başa çatdırdı. Bununla da cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi.
Bu bir həqiqətdir ki, son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, qazanılan böyük Zəfərin, uğurlu daxili və xarici siyasətin ən böyük dəstəkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Məhz əldə olunan uğurlarda ölkənin birinci xanımının əvəzsiz xidmətləri var. Mehriban xanım Əliyevanın dövlət başçısının ən sadiq silahdaşı kimi göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir.
Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın gördüyü işləri təhlil etsək, əminliklə deyə bilərik ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Vətən müharibəsi dövründə ölkənin birinci xanımının atdığı addımlar isə hər kəsi qürurlandırdı. Mehriban Əliyeva həmin dövrdə şəhid analarına mənəvi dəstək verdi, dərdlərinə şərik oldu, şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara "qardaş" dedi, övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara "ana" dedi, qarşılarında baş əydi.
Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə olan hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etdi.
Bu gün işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti-quruculuq işlərinə onun rəhbərlik etdiyi, Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu mühüm töhfələr verir. Üç ildir ki, minlərlə abidəyə yeni nəfəs verən Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırır. Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.
Xalqımız, dövlətimiz bütün dövrlərdə Böyük Zəfərin təminatçıları, torpaqlarımızın azadlığını qanları bahasına təmin edən şəhidlərimizin xatirəsini hər zaman uca tutub ehtiramla yad edir, onların ailələrinə xüsusi qayğı göstərir. Cəmiyyətimizdə şəhidlərin yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar.
Bütün bunlar bir daha təsdiq edir ki, dünyada Azərbaycan dövləti qədər şəhidlərinə ali dəyər verən, onların ailələrinə hərtərəfli kömək göstərən ölkə yoxdur. Bu istiqamətdə dövlətimiz bir nümunədir.
Bir sözlə, tarixi Zəfər və Böyük qayıdış hərəkatı Prezident İlham Əliyev erasının zirvəsidir. Bununla belə Şanlı Zəfərimizdən sonra yaranan yeni reallıqlar və görülən işlər onu deməyə əsas verir ki, qarşıda Azərbaycanı daha möhtəşəm zəfərlər gözləyir. Azərbaycanın sözün əsl mənasında tam suverenliyini təmin edən möhtərəm Prezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib. Qədirbilən xalqımız hər zaman öz Prezidentinə inanıb, güvənib və bütün dövrlərdə dövlət başçısına öz dəstəyini nümayiş etdirib. Bu cür qarşılıqlı inam şəraitində qətiyyətli Liderimiz hələ uzun illər Azərbaycanı daha yüksək zirvələrə və böyük qələbələrə aparacaq.
Çox hörmətli Cənab Prezident!
İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik. Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandan!
SABUNÇU RAYON SU KANAI İDARƏSİNİN RƏİSİ VÜSAL MUSAYEV