Azərbaycan artıq türk şirkətləri ilə ilk müqavilələr imzalayıb. Prezident Əliyevin də qeyd etdiyi kimi, “Bu təbiidir, çünki Türkiyə bizim üçün qardaş ölkədir”. Quruculuq işlərində Avropa ölkələrinin də iştirakı istisna edilmir. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın 2020-ci ilin dekabrın 1-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü ilə əlaqədar özünün Tvitter hesabında yazdığı kimi, “işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in tikintisi” müzakirə edilmişdir.
“Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.” Bu sözləri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton ilə görüşdə səsləndirmişdir. Bundan əlavə qeyd olunmuşdur ki, “Britaniya şirkətləri ilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dair müzakirələr də aparılır və bu istiqamətdə əməkdaşlıq üçün böyük potensial var. Buraya işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi də aiddir: “Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir”.
Analoji əməkdaşlıq perspektivlərinə Xorvatiya, İtaliya, Macarıstan kimi digər Avropa ölkələri də cəlb olunmaqdadırlar.
Azərbaycan cəmi 8 ay ərzində Fizuli Beynəlxalq Hava Limanını inşa edərək istismara vermişdir. Həmçinin işğaldan azad olunmuş əraziləri birləşdirən avtomobil və dəmir yollarının tikintisinə start verilmiş və işlər sürətlə yekunlaşmağa doğru gedir. 2021-ci ilin 26 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin, yəni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoymuşlar. Azərbaycan Naxçıvana magistral və dəmir yolu xətti çəkməyi planlaşdırır ki, bu da ölkəni əsas strateji müttəfiqi Türkiyə ilə birləşdirəcək. İşğaldan azad olunmuş ərazilərdə hazırda “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi bölgə üçün analoqu olmayan yeni imkanlar və perspektivlər vəd edir. Bütün bunlar, həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün yeni inkişaf trendi deməkdir.
Azərbaycanın müharibədən sonrakı planlarında Ermənistanın nəzarəti altında dağıdılmış və təhqir olunmuş mədəniyyət və dini abidələrin bərpasına xüsusi önəm verilir. Qarabağ bölgəsində son üç onillikdə donuzxanaya çevrilmiş tarixi məscidlərin görüntüləri Azərbaycan xalqını hiddətləndirdi. Fransa, ABŞ və Rusiyadan olan beynəlxalq vasitəçilər də əvvəllər həmin bölgələrdə faktaraşdırıcı missiyalar həyata keçirmiş, lakin heç vaxt həmin dini abidələrin vəziyyəti ilə bağlı məsələ qaldırmamışdılar.
Azərbaycan çoxkonfessiyalı ölkə olaraq işğaldan azad edilmiş ərazilərdə təkcə müsəlman abidələrini deyil, xristianlıq və digər dinlərə aid abidələri də bərpa etməyi planlaşdırır. Azərbaycan YUNESKO və digər beynəlxalq təşkilatları Ermənistanın işğaldan azad edilmiş ərazilərə vurduğu maddi ziyanı qiymətləndirməyə və mədəni irsin bərpasında iştirak etməyə dəvət edir. Bu Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinin regionda xristian irsinə təhlükə yaradacağına dair dezinformasiya kampaniyaları fonunda baş verir.
Prezident cənab İlham Əliyevin də bəyan etdiyi kimi, “Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir” və qısa müddətdə irimiqyaslı quruculuq işləri həyata keçirməklə təkcə ölkənin deyil, həm də bütövlükdə regionun inkişafına mühüm töhfə verə bilər.
Sonda bir daha qeyd etməliyik ki, bu qələbənin əldə olunmasında hər birimiz canını fəda edən və igidlik göstərən şəhidlərimizə və qazilərimizə borcluyuq. Onların bu şücaəti gələcək nəsillərə ötürülməklə tarix boyu yaddaşımızda silinməz olaraq qalacaqdır. O, cümlədən qəhrəman şəhidlərimizdən olan ədliyyənin qururu şəhid Ruhin Xəlilov da, vətən sevgisini öz həyatından, arzularından və ailəsindən üstün tutduğu üçün onunla və bütün şəhidlərimizlə bu gün hər bir vətəndaşımız, eləcə də ədliyyə əməkdaşları fəxr və qürur duyur. Bizim üzərimizə düşən ən böyük vəzifə şəhidlərimizin şərəfli adını qorumaq və yaşatmaqdır. Bu istiqamətdə ölkə Prezidentinin rəhbərliyi altında görülən mühüm işləri dəstəkləməklə yanaşı, Ədliyyə nazirliyi tərəfindən də müvafiq işlər görülür və bundan sonrada davam etdiriləcəkdir. Bununla bağlı biz həm öz xidməti vəzifəmizdə, həm də şəxsi həyatımızda bu məsələlərə səlahiyyətimiz və imkanlarımız çərçivəsində daim diqqətlə yanaşacağıq.
Zəfər günümüz mübarək!
Sərvər Kərimov
Qardağ Rayonu MKTB-nin sahil qəsəbəsi 109 saylı MKİS Rəhbəri.