Xocalı soyqırımının 30 illiyi ilə bağlı Qarabağda AZAN SƏSLƏNDİ
Vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı fevralın 26-da səyyar səsyayıcı qurğular vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı istiqamətlərində səsləndirilib.
Dövlət Tv xəbər verir ki, zöhr namazı vaxtı verilən azan əsr namazı vaxtı da səsləndiriləcək.
Qeyd edək ki, bu azanı işğaldan bir qədər əvvəl Şuşa Musiqi Texnikumunun müəllimi Hafiz Sədrzadə oxuyub və lentə alınıb. O, Ağdamda yaşayıb, işğaldan sonra məcburi köçkün kimi Pirşağı qəsəbəsində məskunlaşıb. Hafiz Sədrzadənin atası uzun illər Ağdam Cümə məscidinin axundu olub, böyük dini alim kimi tanınıb. O, bu azanı “Zəminxarə” muğamı üstündə oxuyub.
İşğaldan əvvəl Qarabağda səsləndirilən azanın audioyazısının Xocalı faciəsinin otuzuncu ildönümü günündə əzəli torpaqlarımızda səsləndirilməsi böyük rəmzi məna daşıyır.