Hazırda Zəngilan şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş bir sıra layihələr sürətlə həyata keçirilməkdədir.
“Trend” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında bildirilir.
Komitə tikintisi davam etdirilən bir sıra layihələri təqdim edib:
- 630 ailənin yaşayacağı dörd yaşayış məhəlləsi;
- 960 yerlik tam orta məktəb;
- 160 yerlik uşaq bağçası;
- 91 çarpayılıq mərkəzi rayon xəstəxanası;
- inzibati bina;
- İşğal və Zəfər muzeyləri kompleksi.
Qeyd olunub ki, 30 il öncə Ermənistanın işğal edərək tamamilə talan etdiyi Zəngilan şəhəri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə azad edilərək bu gün yenidən canlanır, öz intibah dövrünə qədəm qoyur. Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin Baş planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30.10.2023-cü il tarixində Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.
Zəngilanın Baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı - İsveçrənin “Sa_partners” şirkətini və Bakı Dövlət Layihə İnstitutunu əməkdaşlığa cəlb etmişdir.