"Zirə" tarix yazdı: UEFA Konfrans Liqasının "play-off" mərhələsinə vəsiqə qazandı

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Dovlet.Tv-nin məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.

"Liv Bona Dea Arena"dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlardan 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qolunu vurub. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdıraraq hesabı yenidən bərabərləşdirib.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxt oynanılıb. 30 dəqiqə ərzində qapılara qol vurulmadığından penaltilər seriyasına keçilib. Burada daha dəqiq olan "Zirə" (2:1) tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.