20 yanvar unudulmaz bir gündür-İmamverdi Fəxrəddinov-Məqalə

20 yanvar unudulmaz bir gündür-İmamverdi Fəxrəddinov-Məqalə

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
     1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
    Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
      Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
       Bakıya yeridilmiş qoşun kontingentinə, – bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, – “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər (“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.
     Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi.
       1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi…


İmamverdi Fəxrəddinov
Müşviqabad bələdiyyəsinin sədri