ADY: “Horadiz-Ağbənd dəmiryolu gələn il təhvil veriləcək”
Horadiz-Ağbənd dəmiryolu xəttinin gələn ilin ortalarına təhvil verilməsi planlaşdırılır.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, dəmiryolu xəttinin keçəcəyi ərazilərin relyefinin fərqli olması qrafikə də təsir edir: “Burada tərəfdaşlarımızla çalışırıq və hər çətinliklə bağlı onlarla birlikdə həll yolu tapırıq”.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmiryolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə prezidentin 13.03.2021-ci il tarixli sərəncamına əsasən başlanılıb.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Ox üzrə uzunluğu 110,4 km olan dəmiryolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam etdirilir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Horadiz-Ağbənd dəmiryolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmiryolu körpüsü tikilir.