Almaniyadan xəbərdarlıq gəldi, sərnişin təyyarəsi Yaponiyada təcili eniş etdi: Yaralılar var

Almaniyadan xəbərdarlıq gəldi, sərnişin təyyarəsi Yaponiyada təcili eniş etdi: Yaralılar var

Yaponiyanın Narita şəhərindən Fukuokaya uçan Avstraliyanın “Jetstar” sərnişin təyyarəsi Çubu beynəlxalq hava limanında məcburi eniş edib.

Yaponiya polisinin məlumatına görə, sərnişin təyyarəsi ilə bağlı bomba təhlükəsi olduğu bildirilib.

Belə ki, təyyarənin partlama təhlükəsi ilə bağlı mesaj Almaniyadan gəlib. Naməlum şəxs ingilis dilində təyyarəyə 100 kiloqramlıq bomba qoyulduğunu bildirib.

Naqoya yaxınlığındakı Ayti prefekturasında Çubu hava limanına endikdən sonra qəza trapı açılıb, 136 sərnişin və altı ekipaj üzvü təyyarəni tərk edib. Təxliyə zamanı beş sərnişin yüngül xəsarət alıb.

Eniş zolağına yanğınsöndürmə və tibb briqadası da cəlb olunub.

Hava limanının səlahiyyətliləri digər reyslər üçün uçuş və enişi dayandırıb. Bir neçə saat ərzində Çubu hava zolağı bağlanıb, nəticədə onlarla reys gecikib və sərnişin sıxlığı yaranıb.

Hazırda hüquq-mühafizə orqanları heç bir şübhəli əşya aşkar etməyiblər. Onlar hadisənin detallarını, eləcə də təyyarənin dəqiq vəziyyətini araşdırmağa davam edirlər.