Azərbaycana girişinə qadağa qoyulan əcnəbilərin sayı açıqlandı

Azərbaycana girişinə qadağa qoyulan əcnəbilərin sayı açıqlandı

Cari ilin 10 ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 8 182 əcnəbi saxlanılıb.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

“Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2 831 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı həmin dövr ərzində ümumilikdə 19 552 inzibati qərar qəbul edilib. Həmçinin bu dövrdə qanunsuz miqrasiyanın təşkili və digər cinayət əməlləri ilə bağlı bir sıra əsaslı faktlar aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib”, - deyə əlavə edilib.