Azərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü - TƏFƏRRÜAT

Azərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü - TƏFƏRRÜAT

Ötən gün axşam saat 22 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunun güllələnərək qətlə yetirilməsinin təfərrüatları üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilmiş şəxs biznesmen olub və onun həmyerlisi, Göyçayda “Vicay” ləqəbi ilə tanınan 1985-ci il təvəllüdlü Nicat Əliyevlə biznes münasibəti olub. Belə ki, hər iki şəxs Rusiyaya meyvə satışı biznesi ilə məşğul olub və aralarındakı mübadiləyə görə pul mübahisəsi yaranıb.

Bir-birlərinə olan borca görə məsələni aydınlaşdırmaq istəyən həmkarlar Göyçay şəhərindəki kafedə görüşüblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və “Vicay” ləqəbli şəxs iş adamı Cavanşir Şükürova odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Bildirilir ki, qətlə yetirilən şəxs ziyalı ailəsindəndir və onun qardaşı Göyçayda tanınmış həkimlərdən olan Taleh Şükürovdur. T.Şükürov hazırda rayon xəstəxanalarından birində rəhbər vəzifədə çalışır.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.