Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Fərmana əsasən, Enerji effektivliyi fondu yaradılır və “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilir.
Müəyyən edilir ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Bundan başqa, Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Energetika Nazirliyi həyata keçirir.