Bakı Şəhər Halqası: “Bu il bilet satışında bütün rekordları qırmışıq”
“Statistikaya görə, bu il bilet satışında bütün rekordları qırmışıq”.
Bunu “Report”a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
Qurum rəsmisinin sözlərinə görə, bu il keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır.
“Abşeron” tribunasının B seksiyası, Filarmoniya, Sahil və Bulvar tribunalarına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribuna üçün ayrılmış biletlər də bitəcək”, - deyə o bildirib.
T.Teymurov vurğulayıb ki, “Formula-1” yarışı artıq yeddinci ildir ki, Azərbaycanda keçirilir:
“Lakin ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.