Bakıda toydan evə qayıdan kişini vuraraq öldürən “Prius” sürücüsünə AĞIR CƏZA
Binəqədi Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Sərxan Sərxanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 25 iyul 2022-ci ildə, saat 22:35-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu kilometrində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Sərxan Sərxanov idarə etdiyi “Toyota Prius” minik markalı avtomobillə 1967-ci il təvəllüdlü Sakit Məmmədovu (şərti) vuraraq öldürüb.
Daha sonra o saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisədən əvvəl Sakit Məmmədov paytaxt ərazisində yerləşən restoranların birindən toy məclisindən evə qayıdırmış.