BQXK-nın maşınları Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər

BQXK-nın maşınları Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.

Dovlet.Tv xəbər verir ki, nəqliyyat vasitələri Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Avtomobillərin arasında təcili tibbi yardım avtomobili də var.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.