Çavuşoğlu: “Bizim olmadığımız yerdə azərbaycanlı qardaşlarımız haqqımızı müdafiə etdilər”

Çavuşoğlu: “Bizim olmadığımız yerdə azərbaycanlı qardaşlarımız haqqımızı müdafiə etdilər”

“Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlətik”. Bizim taleyimiz, dilimiz, dinimiz birdir. Bir millətik biz. Bir millət kimi, yeri gələndə də bir dövlət kimi davranmağı bilirik”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalında Şuşa Bəyannaməsi və Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinə dair sualı cavablandırarkən deyib.

“Qarabağ zəfəri bu anlayışla, belə qərarlılıqla əldə olundu. Qarabağ zəfərindən sonra Şuşa Bəyannaməsi ilə münasibətlərimiz çox fərqli bir səviyyəyə çatdı, tam bir müttəfiqlik oldu. Bu bəyannamə çərçivəsində atılacaq addımlar bəllidir, bununla bağlı çalışırıq. Lakin bu sənəd onsuz da içimizdə olan, hər iki xalqın sahib olduğu bir hissin aydın şəklə gəlməsidir.

Nəticədə biz Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir-birimizi qoruyub, dəstək olmağa davam edəcəyik. İkitərəfli münasibətlərimizi də bütün sahələrdə dərinləşdirərək davam edəcəyik. Ortaq maraqlarımız var, ortaq taleyimiz var, gələcəyimiz birdir, biz bu anlayışla hərəkət edirik.

Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin də güclü liderliyinin və qardaşlığının da şahidiyik. Türkiyənin maraqları ilə yanaşı beynəlxalq platformalarda hər zaman qardaş Azərbaycanın da maraqları üçün çalışdıq. Azərbaycan da bunu etdi. Bizim olmadığımız yerlərdə də başda Prezidentimiz İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız Türkiyənin haqqını müdafiə etdi.

Bu, əslində keçmişdən bu yana mövcud olan anlayış və siyasətin Şuşa Bəyannaməsi ilə sənəd üzərinə köçürülməsidir”, - deyə Çavuşoğlu bildirib.