İlham Əliyev BƏƏ Prezidentini təbrik etdi

İlham Əliyev BƏƏ Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Biz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənmiş, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etmişdir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.