Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda Təhsil Fondunun İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında konsert təşkil olunub.
Lakin konsertdə çıxış etməsi gözlənilən yunanıstanlı müğənni Despina Vandi türk bayrağını və Atatürkün posterini görərək səhnəyə çıxmayıb. O, posterin və bayrağın endirilməsini tələb edib. Lakin onun tələbi yerinə yetirilməyib və konsert ləğv edilib.
Bu barədə Dovlet.tv "Haber Global"a istinadən məlumat verir.
Bununla bağlı açıqlama verən fondun İzmir şöbəsinin prezidenti Gülnur Sonbayraktar sənətçinin gözlənilməz səbəblərdən son anda çıxışdan imtina etdiyini, biletlərin geri qaytarılacağını bildirib.
Çeşmə bələdiyyə sədri Lal Denizli səhnəyə çıxaraq konsertə hər cür dəstəyi verdiklərini, lakin Despina Vandinin səhnəyə çıxmaq istəmədiyini deyib.
"Çünki o, türk bayrağının və Atatürkün posterinin enməsini istəyirdi. Heç ruhdan düşməyin, o gözəl nəfəslərinizi yoracağınız bir insan belə olmadığını düşünürəm. Biz bu torpaqları qazanmaq üçün çox şəhid verdik və hər zaman qardaşlığın, əbədi dostluğun qalib gələcəyinə inanan insanlarıq", - deyə Lal Denizli qeyd edib.
O, baş verənlərin yunan müğənniyə dərs olacağına ümid etdiyini deyib.
"Heç bir güc nə bayrağımızı, nə də Atatürkün posterini endirməyə yetməz. Bunu ağlına belə gətirə bilməz. Xanım dərhal bu şəhərin sərhədlərini tərk etsin. Sakit və dinc şəkildə. Amma ümid edirəm ki, bir daha getdiyi heç bir ölkədə o ölkənin qanla yüksəldilmiş bayrağını endirməyi ağlına belə gətirməz. Bu ona tarixi bir dərs olar", - deyə o əlavə edib.