Misirin xarici işlər naziri son on ildə ilk dəfə Türkiyəyə səfər edəcək
Misirin xarici işlər naziri Sameh Şükri fevralın 27-də Suriya və Türkiyəyə rəsmi səfərə gedəcək.
Bu barədə bazar günü Xarici İşlər Nazirliyinin nümayəndəsi Əhməd Əbu Zeydin rəsmi “Facebook” səhifəsində dərc olunmuş bəyanatında deyilir. Açıqlamaya görə, Şükri “6 fevralda baş verən və ağır itkilərə səbəb olan zəlzələ ilə əlaqədar Misirin iki ölkə və qardaş xalqlarla həmrəyliyini” ifadə etmək niyyətindədir.
“Xarici işlər naziri Suriya və Türkiyədə keçirəcəyi görüşlərdə Misirin iki ölkənin təbii fəlakətdən zərər çəkmiş bölgələrində zərərçəkənlərə yardım göstərməyə hazır olduğunu təsdiq edəcək”, - XİN-dən bildirilib.
Qeyd edək ki, Misir Xarici İşlər Nazirliyi rəhbərinin bu ölkələrə səfəri son on ildə ilk olacaq. Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər Məhəmməd Mursini devirdikdən sonra pisləşib. Bundan sonra tərəflər səfirlərini geri çağırıb. 2021-ci ildə Ankara ilə Qahirə arasında diplomatik müstəvidə təmaslar bərpa olunub.