Prezident sərəncam imzaladı: Əmək pensiyaçılarına 200 manat məbləğində maddi yardım ödəniləcək

Prezident sərəncam imzaladı: Əmək pensiyaçılarına 200 manat məbləğində maddi yardım ödəniləcək

Prezident İlham Əliyev Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncam “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası olaraq əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1. 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməli;

2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsini təmin etməlidir.