Prezidentin köməkçisi: “Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq
Zəngəzur dəhlizi bütün iştirakçı tərəflərə, o cümlədən qonşu Ermənistana böyük imkanlar yaradacaq ki, bu da onun dənizə çıxışı olmayan ölkə kimi regional və daha geniş inteqrasiyadan faydalana biləcəyi deməkdir.
"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
H.Hacıyevin sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasından sonra əvvəllər yaradılmış regional dəhlizlər öz əhəmiyyətini itirməyəcək.
“Ermənistan Azərbaycan və Gürcüstanın öz aralarında qurduğu əməkdaşlıq modelini qəbul edə bilər. İrəvan da buna qoşulub özü üçün müavinət əldə edə bilər”, - Prezidentin köməkçisi bildirib.
Regional təhlükəsizlik məsələlərinə toxunan H.Hacıyev qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsi həll olunandan sonra gələcəyə baxır və özünü sülh tərəfdarı kimi göstərir.
"Azərbaycan həm qonşularla, həm regional dövlətlərlə, həm də ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla əməkdaşlığa can atır. Ölkəmiz tərəfdaşları və qonşu dövlətlərlə birlikdə müharibələrdən azad region yaratmaq prosesindədir”, - diplomat vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara başlayır və bu danışıqlarda beynəlxalq hüququn suverenlik, sərhədlərə və ərazi bütövlüyünə qarşılıqlı hörmət kimi prinsipləri əsas olmalıdır:
"Regionun yeni “brend” strategiyasına ehtiyacı var və Azərbaycan vahid, inteqrasiya olunmuş Cənubi Qafqazın yaradılmasında öz rolunu oynamağa hazırdır. Biz ABŞ-ı bu işdə mühüm tərəfdaş kimi görürük".