Putin: “Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün əlindən gələni edir”
“Rusiya bu gün də Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli və kompleks şəkildə normallaşmasına nail olmaq üçün əlindən gələni edir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.
“Bizim həm İrəvan, həm də Bakı ilə geniş əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil. Sözsüz, biz hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz problemlərdən, Rusiyaya yaxın dövlətlər arasında ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə öz töhfəmizi verməyə hazırıq.
Şübhəsiz ki, sülhə aparan yeganə mümkün və real yol, tərəflərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatlarının bütün müddəalarına ciddi əməl etmələri ilə qoyulmuş yol ola bilər.
Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası yolları, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür.
Sual yaranır, bu həll yollarını necə tapmaq olar? Bunlar asan məsələ deyil, ancaq onları yalnız bu yolla həll etmək mümkündür. Gələcəkdə bu, həm də sülh müqaviləsinin bağlanmasına imkan verəcək”, - deyə Rusiya lideri bildirib.