Dekabrın 5-də Şamaxı rayonu Göylər kəndi ərazisində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi məqamları məlum olub.
Hadisəni törədən 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə qəzaya uğrayan BMW markalı avtomobili 10 gün əvvəl alıbmış. Qəza baş verən gün avtomobili adına qeydiyyata salmaq üçün Ağsuya gəlib. Ağsu rayonunda Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə gedərək avtomobili sənədləşdirib.
Daha sonra ailə üzvləri ilə görüşüb, saat 16 radələrində atası və əmisi ilə birlikdə Şamaxıdakı “ASAN xidmət”ə getmək üçün Ağsunun Bico kəndindən yola düşüblər. İş vaxtı bitməmiş Şamaxıya çatmaq üçün avtomobili sürətlə idarə edib.
Şamaxı yolunda, Göylər kəndi yaxınlığında sürücü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb və üç dəfə aşıb. Atası, 1965-ci il təvəllüdlü Xaləddin Mətiyev və əmisi, 1970-ci il təvəllüdlü Sadiq Mətiyev aldıqları xəsarətlərdən hadisə yerinə vəfat ediblər. 29 yaşlı Tural isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılarkən həyatını itirib.
Tural Fərhadzadə evli olub, bir övladı var.