Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı artdı

Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı artdı

Düzcedə zəlzələ zamanı daha bir nəfər həyatını itirib. Beləliklə, təbii fəlakət qurbanlarının sayı ikiyə yüksəlib.

Məlumata görə, yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

11:52

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Düzcedə yerli vaxtla saat 4 radələrində baş verən 5,9 bal gücündə zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb.

Məlumatda bildirilir ki, Düzcedə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 olmaqla, ümumilikdə 50 nəfər yaralanıb.

Həmçinin Düzce Çay Məhəlləsində yaşayan 63 yaşlı Sevim Çengelin zəlzələdən sonra təlaşa düşdüyü və infarkt nəticəsində öldüyü qeyd olunub.

10:22

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Mənbə: Anadolu

08:35

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.