WSJ: Rusiya uzun illər maliyyə problemi yaşayacaq

WSJ: Rusiya uzun illər maliyyə problemi yaşayacaq

İstiqraz bazarının hazırkı vəziyyətinə görə Rusiyanın kreditorlarla hesablaşması və qlobal maliyyə sisteminə qayıtması üçün illər lazım olacaq.

Bu barədə “The Wall Street Journal” yazır.

Nəşr qeyd edir ki, Rusiya suveren istiqrazlarının kotirovkaları Argentinanın müvafiq qiymətli kağızlarının 2001-ci ildəki səviyyəsinə düşüb. Argentinanın isə borclarını ödəməsi 15 il çəkib.

“Advantage Data”nın məlumatlarına görə, dollarla ifadə olunan Rusiya suveren istiqrazları bir dollar üçün səkkiz sentə satılır. Bu, 2001-ci ildə Argentina istiqrazları ilə müəyyən edilmiş minimuma yaxındır.

Qeyd edilir ki, adətən belə aşağı qiymətlərə satılan dövlət istiqrazlarına “leşyeyən fond” adlandırılan, problemli borclara sərmayə yatıranlar maraq göstərirlər. Ölkə beynəlxalq bazarlara çıxış əldə etməyə çalışarkən bu cür “fondlar” ödənişlər üzrə danışıqlar aparmağa və ya onları məhkəmə yolu ilə ödətdirməyə çalışırlar. Hedc-fondlar (risk zamanı gəlirlərin, gəlirlər artarkən risklərin azaldılmasına yönələn investisiya fondu – red.) isə Rusiyanın vəziyyətində bu ssenaridən istifadə etmək istəmir.

“Elliott Management”in sabiq idarəçisi, eləcə də 2016-cı ildə Argentinaya qarşı məhkəmədə hedc-fonda 2.4 milyard dollar ödənilməsinə nail olmuş Cey Nyuman qeyd edib ki, istiqraz sahibləri Rusiyanın xarici aktivlərinin müsadirə olunmasına çalışacaqlar.

“İstiqrazlarda sərmayədarların müdafiəsi barədə bənd yoxdur, buna görə də mübarizə çox sərt olacaq. Tutaq ki, məhkəmədə qalib gəldiniz, amma Rusiya kimi ölkəyə qarşı bu qərarın icrasına nail olmaq həddən artıq çətin olacaq”, - o qeyd edib.

Analitiklərin fikrincə, Rusiyanı danışıqlar masasına oturtmaq heç də asan deyil, çünki ölkə beynəlxalq borc almadan uzun illər yaşaya bilir. “S&P Global Ratings”in məlumatına görə, 2021-ci ildə ölkənin borcunun təxminən 80 %-i yerli investorların əlində olub, neft ixracının hökumətin pul ehtiyatlarını dəstəkləməsi isə investorlara danışıqlarda təsir imkanları buraxmır.

“Vontobel Asset Management”in rəhbəri Karlos de Souza bildirib ki, indi xarici istiqraz sahiblərinin Rusiya ilə restrukturizasiya sazişi bağlamaq cəhdləri ABŞ və Avropa İttifaqının sanksiyaları ilə əngəllənib. İnvestorlar isə sanksiyaların Ukraynada “xüsusi hərbi əməliyyat” başa çatdıqdan sonra da qaldırılacağına əmin deyillər.

Martın 16-da Rusiya 2023 və 2043-cü illərdə vaxtı çatacaq dollar istiqrazlarının iki buraxılışı üzrə 117,2 milyon dollarlıq kupon ödəməlidir.

Ölkənin maliyyə naziri Anton Siluanov bildirib ki, Qərb sanksiyaları Rusiyanı bütün qızıl-valyuta ehtiyatlarının, demək olar ki, yarısına çıxışdan məhrum edib, ona görə də bu istiqrazların rublla ödənilməsi borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməsi hesab olunacaq.

“Fitch” agentliyi xəbərdarlıq edib ki, Rusiyanın dollar istiqrazlarına rublla faiz ödəməsi defolt (borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi - red.) deməkdir.

Mənbə: Forbes